"Sabah bizi ağır oyun gözləyir. Çox məsuliyyətli matç olacaq".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Bakıda İsveçrə "Bazel"inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.
31 yaşlı futbolçu bildirib ki, komandada ab-hava yaxşıdır: "Səbrisizliklə bu qarşılaşmanı gözləyirik. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, yaxşı nəticə qazana bilərik. Rəqibi analiz etmişik. Bunun üçün yenə də vaxtımız var".
Təcrübəli müdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda oynamağa öyrəşdiklərini söyləyib: "Ora bizim üçün uğurlu arenadır. Bakı Olimpiya Stadionunda oyunumuz alınmır və nəticə qazana bilmirik. Bu tilsimi qırmaq istəyirik".
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.