“Neftçi” ilə son turda enerjimizi topladıq ki, Azərbaycanda bir nömrəli komanda olduğumuzu sübut edək. Bu da bizdə alındı".
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın kapitanı Maksim Medvedev "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII tur oyunundan sonra deyib.
32 yaşlı təcrübəli müdafiəçi çempionluğun asan əldə olunmadığını bildirib: "Mövsüm ərzində çox güc sərf etdik, hərtərəfli vuruşduq. Həm Premyer Liqada, həm Azərbaycan Kubokunda, həm də UEFA Konfrans Liqasında daim özümüzü yaxşı formada saxlamağa çalışdıq. Çempionluğu öncədən təmin etmişdik. Amma göstərmək istədik ki, hələ də ölkənin bir nömrəsi bizik. Bunu da qoruyub-saxlamaq istəyirik. Qarşıda Azərbaycan Kubokunun finalında “Zirə”yə qarşı oyunumuz var. Ondan sonra da UEFA Çempionlar Liqasına hazırlaşacağıq. İnanıram ki, yaxşı performans yığıb, orada da uğurlu çıxış edəcəyik".
Medvedev daha böyük uğurlar əldə edə biləcəklərini də söyləyib: "Bu gün “Qarabağ” belə oynayırsa, rəqiblərini bu cür üstələyirsə, Konfrans Liqasında tarix yazırsa, deməli, bu komandanın potensialı böyükdür. Bir az da artırsaq, bəlkə daha böyük tarix yaza bilərik".
Kapitan Çempionlar Liqasındakı uğurlu çıxışın hazırlıqdan asılı olduğunu sözlərinə əlavə edib: "İyunun əvvəlində milli komandanın dörd oyunu olacaq. Ondan sonra Çempionlar Liqasına hazırlaşmağımız üçün çox az vaxtımız qalacaq. Həmin vaxt komanda hansı durumda olacaq, indidən deyə bilmərik. Baş məşqçinin üzərinə böyük iş düşəcək. Çünki bəziləri millinin toplanışından, bəziləri istirahətdən qayıdacaq. Komandanı qısa zamanda ən yüksək performansa çatdırmaq lazım gələcək".
Müdafiəçi hələlik yığmanın UEFA Millətlər Liqasındakı görüşlərini düşünmədiklərini vurğulayıb: "O barədə hələlik fikirləşmirik. Çünki mayın 27-də kubokun final görüşü var. Diqqətimiz yalnız həmin final matçındadır. Ondan sonra milli komanda barədə düşünə bilərik".