"Portuqaliya və Serbiya ilə eyni səviyyədə oynayacağımız halda, bizdən qələbə gözləmək olar. Seçmə mərhələdəki qələbəsizlik seriyası komandamıza təsir etmir. Çünki hər oyunda özümüzdəki inkişafı və heyətdəki istedadlı futbolçuları görürük".
"Report"un məlumatına görə, bunu İrlandiya millisinin qapıçısı Gevin Bazunu Bakıda Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu ilə bağlı yerli mətbuata açıqlamasında deyib.
19 yaşlı qolkiper hazırda yalnız qarşıdakı matçı düşündüklərini bildirib: "Rəqib barədə məşqçilərdən bütün lazımi məlumatları alırıq. Bu, həqiqətən möhtəşəmdir. Az öncə də dediyim kimi, əldə etdiyimiz irəliləyişi gördük və bunu inkişaf etdirmək istəyirik. Hər oyuna ayrıca yanaşmalıyıq. Bizim üçün ən vacibi şənbə günü keçiriləcək oyundur. Hələlik sonrasını düşünmürük".
Müqavilə ilə İngiltərənin "Mançester Siti" klubuna məxsus olan və hazırda "Portsmut"da icarə əsasında çıxış edən gənc oyunçu səfərdə Portuqaliyaya 1:2 hesabı ilə uduzduqları görüşdə Kriştianu Ronaldunun penalti zərbəsini qaytardığı epizodu xatırlayıb: "Bu barədə elə də çox fikirləşmirəm. Amma bir çox insan zaman-zaman bu məsələni qaldırır. Həmin epizoda qayıtmaq xoşdur, amma mən sadəcə, öz işimi davam etdirmək və yenidən belə bir anı yaşamaq istəyirəm".
Qeyd edək ki, İrlandiya millisi oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Dublindəki "Aviva" stadionunda Qətəri qəbul edəcək.