İngiltərənin "Mançester Yunayted" klubu Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettinonun nümayəndələri ilə əlaqə saxlayıb.
"Report" "Evening News"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 48 yaşlı argentinalı mütəxəssisi baş məşqçi postuna gətirmək niyyətindədir.
"Mançester Yunayted" Ule-Qunnar Şulşerin rəhbərliyi altında Çempionlar Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Başakşehir"ə 1:2 hesabı ilə uduzub. Komanda Premyer Liqada 6 oyundan sonra 7 xal toplayıb və hazırda 15-ci pillədədir.
2019-cu ilin dekabrında İngiltərə mətbuatı Poçettinonun "Mançester Yunayted"in baş məşqçisi olmaq istədiyini yazıb.
Qeyd edək ki, Maurisio Poçettino 2014 - 2019-cu illərdə "Tottenhem"də işləyib. O, 2018/2019 mövsümündə London təmsilçisini Çempionlar Liqasının finalına yüksəldib.