İngiltərə Futbol Assosiasiyası (FA) "Mançester Yunayted"in futbolçusu Edinson Kavanini cəzalandırıb.
"Report" xəbər verir ki, uruqvaylı hücumçu sosial şəbəkələrdə irqçi şərhinə görə 100 min funt sterlinq cərimələnib. O, eyni zamanda 3 oyunluq diskvalifikasiya edilib.
Kavani İngiltərə Premyer Liqasında X turun "Sautgempton"la matçında əzmkar qələbədən sonra sosial şəbəkədə istifadəçilərdən birindən təbriklərə cavab verərək, "Gracias negrito" ("Təşəkkür, qara") sözlərini yazıb. Uruqvaylı futbolçu paylaşımını 3 saat sonra silib, ancaq bu, FA-da diqqəti cəlb edib.
Beləliklə, hücumçu İngiltərə Premyer Liqasında "Aston Villa" və "Mançester Siti" ilə İngiltərə Liqa Kuboku, "Uotford"la isə İngiltərə Kuboku matçlarını buraxacaq.