UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
"Report"un məlumatına görə, İngiltərə klublarından "Mançester Yunayted" evdə İtaliya "Roma"sı ilə, "Arsenal" isə İspaniyada "Vilyarreal"la qarşılaşıb.
Mançesterdəki görüş meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə başa çatıb. Matçda ilk qolu 9-cu dəqiqədə "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Brunu Fernandeş vurub. 6 dəqiqə sonra qonaqlar Lorentso Pelleqrininin penalti qolu ilə tarazlığı bərpa ediblər. 34-cü dəqiqədə Edin Ceko "canavarlar"ı hesabda önə çıxarıb. İlk hissə meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb - 1:2.
"Mançester Yunayted" fasilədən sonra oyunda ciddi dönüş etməyi bacarıb. 48-ci və 64-cü dəqiqələrdə meydan sahiblərinin hücumçusu Edinson Kavani hesabı komandasının xeyrinə dəyişib. 71-ci dəqiqədə Fernandeş dublunu rəsmilədirib. Bundan cəmi 4 dəqiqə sonra Pol Poqba 5-ci topu rəqibin qapısından keçirib. Oyunda son nöqtəni isə 86-cı dəqiqədə fərqlənən Meyson Qrinvud qoyub.
"Arsenal" isə İspaniyada "Vilyarreal"a 1:2 hesabı ilə uduzub. Meydan sahibləri 5-ci dəqiqədə Manu Trigerosun, 29-cu dəqiqədə isə Raul Albiolun qolları ilə ilk hissəni üstün tamamlayıblar. İkinci yarı qonaqlar üçün yaxşı başlamayıb. 57-ci dəqiqədə Dani Sebalyos qırmızı vərəqə görərək meydandan qovulub. Buna baxmayaraq, "topçular" fərqi azaltmağa nail olublar. 73-cü dəqiqədə Nikolya Pepenin vurduğu qol matçda yekun hesabı müəyyənləşdirib. 8 dəqiqə sonra isə "Vilyarreal" azlıqda qalıb. Etyen Kapu ikinci sarı vərəqə ilə meydanı tərk edib.
Avropa Liqası, yarımfinal
İlk oyunlar
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Roma" (İtaliya) - 6:2
Qollar: Brunu Fernandeş, 9; 71 (pen.), Edinson Kavani, 48; 64, Pol Poqba, 75, Meyson Qrinvud, 86 - Lorentso Pelleqrini, 15 (pen.), Edin Ceko, 34
23:00. "Vilyarreal" (İspaniya) - "Arsenal" (İngiltərə) - 2:1
Qollar: Manu Trigeros, 5. Raul Albiol, 29 - Nikolya Pepe, 73 (pen.)
Qırmızı vərəqələr: Etyen Kapu, 80 - Dani Sebalyos, 57
Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 6-da olacaq.