Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ-ni tərk etmək istəyir.
"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu 2023-cü ilin yayında komandadan ayrılmağı düşünür.
İddiaya görə, forvard klub rəhbərliyindən onu buraxmasını xahiş edib. Buna səbəb tərəflər arasında münasibətlərin tamamilə korlanmasıdır.
Lakin PSJ futbolçunu pulsuz buraxmaq niyyətində deyil. Hücumçunu almağa ən real namizəd isə İngiltərə "Liverpul"udur. Amma Mbappenin özü İspaniya "Real Madrid"inə keçməyi arzulayır. Onun ötən yay "kral klubu"nun təklifini qəbul etmədiyi üçün peşman olduğu bildirilib.
Mbappe siyasi təzyiqlərə boyun əyərək, Fransa klubu ilə yeni müqavilə bağlamasını yanlış addım hesab edir. Futbolçu PSJ-nin ona xəyanət etdiyini düşünür. Müqaviləni yeniləməzdən əvvəl klub rəhbərliyi ona bir sıra vədlər versə də, bunların əksəriyyəti yerinə yetirilməyib.
Qeyd edək ki, Kilian Mbappe ötən yay PSJ ilə 3 illik yeni müqavilə bağlayıb.