"2018-ci ilin qışında AFFA nümayəndələri ilə görüşdüm".
"Report" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç "FootBoom" nəşrinə açıqlamasında deyib.
45 yaşlı mütəxəssis yığmanın sükanı arxasına keçdiyi dönəmdən danışıb. Serbiyalı baş məşqçi həmin vaxt federasiya rəsmilərinin yerli futbolun inkişafı proqramı haqqında danışdıqlarını xatırladıb: "Məni gənclər komandasının başında görmək istədiklərini söylədilər. Bu, mənim üçün böyük sınaq idi. Serbiyanın U-17 və U-19 komandalarına rəhbərlik etmişəm, əsas millidə köməkçi kimi çalışmışam. Özümü sınamaq və yeni səviyyəyə keçməyə nə qədər hazır olduğumu görmək istədim. İndi də deyə bilərəm ki, bu düzgün addım idi. Üç il ərzində 12 futbolçu U-21-dən əsas yığmaya keçid edib. Mən hər şeydən razıyam. Azərbaycanda işləmək mənim üçün asan və xoşdur".
Qeyd edək ki, Milan Obradoviç 2019-cu ildən Azərbaycanın U-21 millisinə rəhbərlik edir.