"Bizim üçün uğursuz gün oldu. Oyuna itkilərlə çıxmaq məcburiyyətində qaldıq".
"Report"un məlumatına görə, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avstriyaya 0:6 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.
44 yaşlı mütəxəssis Rauf Hüseynlini fiziki cəhətdən hazır olmadığı üçün heyətə salmadığını bildirib: "Həmçinin Mert Çelik də məşqdə zədələndiyi üçün ilk hissənin əvvəlində əvəzləməyə məcbur olduq. Bundan başqa, Rüfət Əhmədovu da səfərə gətirməmişdik. Nəticədə, üç yeni oyunçu ilə meydana çıxmağa məcbur idik. Oyuna gəlincə, rəqibin ilk üç qoluna şərh verməkdə çətinlik çəkirəm. Çünki uşaq səhvləri ilə Avstriya millisinin fərqlənməsinə şərait yaratdıq. Belə demək mümkünsə, həm Xorvatiya, həm də Avstriya millisi kiçik səhvlərimizə görə bizi cəzalandırdılar".
Serbiyalı baş məşqçi ikinci hissədə pressinq etdiklərini sözlərinə əlavə edib: "Topa nəzarət bərabər olsa da, futbolçuların sona qədər mübarizə aparmaq gücləri qalmadı. Nəticədə, rəqibə daha üç qol hədiyyə etdik. Buna baxmayaraq, uşaqlara inanıram. Onlar bacardıqlarını etdilər. Bu iki qarşılaşmadakı məğlubiyyətlər futbolçuları ruhdan salmamalıdır".