"İran Futzal Federasiyası yoxlama oyunları keçirmək üçün bizə müraciət edib".
Bunu "Report"a açıqlamasında Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov deyib.
Onun sözlərinə görə, sınaq matçlarının günləri rəsmi görüşlərlə üst-üstə düşdüyündən, qarşılaşma baş tutmayacaq: "Onlara əvvəlcədən də deyilmişdi ki, bizim yanvarın 29-da və fevralın 2-də oyunlarımız var. İran Futzal Federasiyası vaxtı geri və ya irəli çəksəydi, nəsə düşünmək olardı. İndiki halda isə mümkün deyil. Artıq qarşı tərəfə cavab verilib. İranla yoxlama matçları keçirməkdən imtina etmişik".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya, fevralın 2-də isə Afinadakı "Daiss Sports Hall"da Yunanıstanla qarşılaşacaq.