"Minay" komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Aleksandr Nuriyev Ukrayna Premyer Liqasında XVI turun Donetsk "Olimpik"i ilə ev oyununda diqqət mərkəzinə düşüb.
"Report"un məlumatına görə, komandasını görüşə kapitan kimi çıxaran 25 yaşlı hücumçu dubl etməklə yanaşı, meydandan qovulub. Nuriyev 13-cü və 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirsə də, 18-ci dəqiqədə sarı, 85-ci dəqiqədə isə qırmızı vərəqə alıb.
Görüş "Minay"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qapısını Azərbaycan millisinin keçmiş qolkiperi Andrey Popoviç qoruyub. Daha bir əslən azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə isə 68-ci dəqiqədə meydana daxil olsa da, 90+2-ci dəqiqədə əvəzlənməli olub.
Bu qələbədən sonra axırıncı pilləni tərk edən "Minay" 15 oyundan 13 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb. Nuriyev isə 8 qolla bombardirlər siyahısında üçüncüdür və şərikli liderlərdən bir top geridədir.
Qeyd edək ki, Anatoli Nuriyev və Rüstəm Əhmədzadə Azərbaycan millisinə namizəd oyunçulardır. Bir müddət öncə yığmanın baş məşqçisi Canni De Biazi fevralın əvvəllərində Türkiyənin Antalya bölgəsində "Minay"ın düşərgəsinə baş çəkərək, onlarla görüşüb. Hazırda danışıqlar davam edir.