ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov USL çempionatında növbəti qolunu vurub.
"Report"un məlumatına görə, 29 yaşlı hücumçu VI turda "Nyu Meksiko"nu 5:2 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Forvard 22-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub.
Dadaşov qarşılaşmanın 69-cu dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Finiks Rayzinq" 6 turdan sonra B qrupunda 13 xalla liderdir. Rüfət Dadaşov cari mövsüm 5-ci qolunu vurub.