"İzləyənlər də gördülər ki, biz oyuna yaxşı başladıq. Hesabı açdıq, üstəlik, fərqi artırmaq üçün epizodlar yaratdıq. Əsas problem onları qola çevirə bilməməyimiz oldu. Bu azmış kimi, rəqib qol vurdu və hesab bərabərləşdi”.
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Rafael Vilela federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Braziliya əsilli hücumçu görüşün çətin keçəcəyini gözlədiklərini bildirib: "Əksər futzalçılarımız uzun müddət idi meydana çıxmırdı. Üstəlik, Slovakiya da qrupumuzun iddialı komandasıdır. Onlar da birinci yer uğrunda mübarizə aparırlar və Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmağa iddialıdırlar”.
Qarşılarındakı məqsədə nail olduqları üçün sevincli olduğunu gizlətməyən Vilela Yunanıstana da eyni məqsədlə yollanacaqlarını vurğulayıb: "Əlbəttə, Slovakiya da meydanda gəzmirdi. Onlar da çalışdı bizi əks-hücumda yaxalasınlar. Müəyyən epizodlarda buna nail oldular. Yunanıstanla görüşdə isə buna imkan verməməliyik. Afinadakı matç da çətin olacaq. Rəqibimiz öz meydanında oynayır, onlar bizdən daha çox məşq ediblər, həm də ilk oyun həyəcanını üzərlərindən atıblar. Biz isə həmin oyunu da itkisiz başa vurmalıyıq. Çünki istəyimiz ardıcıl 6-cı dəfə final mərhələsində iştirak etməkdir”.
Yığmanın digər futzalçısı Xətai Bağırov isə söyləyib ki, birinci oyun hər zaman çətin keçir: "Həm də 10 aydan çoxdur ki, zalda məşq etmir, oyun keçirmirdik. Otən ilin noyabrında Çempionlar Liqasında cəmi bir görüşdə iştirak etmişik. Oyuna gəldikdə, yaxşı başladıq, hesabı açdıq. Sadəcə, sonra yaratdığımız qol epizodlarını boşa verdik”.
O, özünün real qol epizodlarını reallaşdıra bilməməsini isə belə izah edib: "Qol vurmaq üçün təkcə mənim iki yüzfaizlik şansım oldu, istifadə edə bilmədim. Bunun hamısı zalda məşq etməməyimizin, oyun keçirməməyimizin nəticəsidir. Matçla məşq eyni effekti vermir. Zala demək olar, hələ tam öyrəşməmişik. Çətinliyə baxmayaraq, ikinci hissənin sonuna yaxın hesabı xeyrimizə dəyişdik, ardıcıl qollar vurduq. Qələbə qazananda səhvlər çox yadda qalmır, gözə görünmür. Vacib məsələ qələbə idi, bunu bacarmaqla çox şeyin üzərindən xətt çəkdik".
Bağırov bu başlanğıcın davamını Yunanıstanda gətirmək istədiklərinidə söyləyib: "Az vaxtımız var. Bu ölkənin yığması ilə qarşılaşmasaq da, son çempionları ilə Çempionlar Liqasında üz-üzə gəlmişik. AEK-in üzvlərinin əksəriyyəti millinin oyunçularıdır. Baş məşqçi də hər iki yerdə çalışır. Yəni, oyun üslubuna bələdik. Səfərdən yaxşı nəticə ilə qayıdacağımıza inanıram”.
Millinin üzvü Afinadan döndükdən sonra da məşqlərə fasilə verməməyin vacibliyini qeyd edib: "Çünki martda və apreldə vacib oyunlarımız var. Yeni-yeni formaya düşürük. Fasilə versək, sonrası yaxşı olmayacaq. Bunu “Araz”ın timsalında yaşadıq. Noyabrda reytinqdə və gücdə bizdən zəif olan komandaya yenildik və mübarizəni dayandırdıq".
Qeyd edək ki, fevralın 2-də keçiriləcək Yunanıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.