"Qrupumuzdakı rəqiblərin hər biri güclüdür. Bizim üçün çətin qrupdur. Amma öz komandamız da mübarizə apara biləcək gücdədir. Ümid edirəm ki, yaxşı oyun göstərib azarkeşlərimiz sevindirə biləcəyik".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mirabdulla Abbasov 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
25 yaşlı hücumçu Portuqaliya yığmasının A qrupunun aşkar favoriti olduğunu söyləyib. Abbasov portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu barədə də danışıb: "Bu futboldur. Əvvəlcədən bilmək olmaz ki, hansı nəticələr qeydə alınacaq. Portuqaliyanın heyətində Ronaldu ilə üz-üzə gəlməz yaxşı hissdir. Düşünürəm ki, hər bir futbolçu bu hücumçuya qarşı oynamaq istəyər".
Forvard seçmə mərhələnin sonunda hansı xalı toplayacaqları ilə bağlı proqnoz verməyin çətin olduğunu sözlərinə əlavə edib: "Bunu heç kim deyə və proqnoz verə bilməz. Çünki futbolda nəticələri öncədən bilmək olmur. Hər matçda əlimizdən gələni edəcəyik ki, maksimum xallar qazanaq. Bu seçmə mərhələdə özümüzü yaxşı tərəfdən göstərəcəyimizə inanıram".
Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.