Millimizin kapitanı: "Portuqaliya yığmasına qol vura bilərik"

Millimizin kapitanı: "Portuqaliya yığmasına qol vura bilərik" "Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Portuqaliyanın oyunlarını izləmişik. Hansısa mövqedə axsadıqlarını demək çətindir. Əlbəttə ki, bu, bizə problem yaradacaq. Amma bunun da çıxış yolu var".
Futbol
23 Mart , 2021 22:00
Millimizin kapitanı: Portuqaliya yığmasına qol vura bilərik
Maksim Medvedev

"Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Portuqaliyanın oyunlarını izləmişik. Hansısa mövqedə axsadıqlarını demək çətindir. Əlbəttə ki, bu, bizə problem yaradacaq. Amma bunun da çıxış yolu var".

"Report"un məlumatına görə, bunları Azərbaycan millisinin kapitanı Maksim Medvedev AFFA-nın rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu barədə danışarkən deyib.

32 yaşlı müdafiəçi bildirib ki, arxa xətdə daha diqqətli oynamaq lazımdır: "Sıx oynasaq, biri-birimizə dəstək olsaq və fərdi mübrizələrdən məğlub ayrılmasaq, işimizi asanlaşdıra bilərik. Maksimum bacarığımızı ortaya qoymalıyıq. Bütün bacarığımızı nümayiş etdirə bilsək, qol vura bilərik. Müdafiə xəttinə xüsusi diqqət yetirməliyik. Daha sonra standart vəziyyətlərdə və ya əks-hücumlarda istəyimizə nail ola bilərik".

Portuqaliya millisinə qarşı daha əvvəl oynadığını xatırladan Medvedev dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşacaqlarını söyləyib: "Əvvəlki heyətdən, demək olar ki, tək mən qalmışam. İndi heyətə cəlb olunan futbolçuların çoxu gəncdir. Bu səviyyədə oyunlarda iştirak etməyiblər. Elə futbolçu var ki, heç avrokuboklarda oynamayıb. Avropanın ortabab komandalarına qarşı oynamırıq ki, deyək, uşaqlara çətin olacaq. Qrupumuzda yer alan ən çətin rəqibə, dünyanın ən yaxşı komandalarından birinə qarşı mübarizə aparacağıq”.

Yığmanın digər müdafiəçisi Azər Salahlı meydanda əzmlə, istəklə mübarizə aparmalı olduqlarını vurğulayıb: "Hər bir futbolçu bir nəfər kimi mübarizə aparsa, heç-heçəyə nail ola bilərik. Həyatda mümkünsüz heç nə yoxdur. Rəqibi yaxşı analiz etmişikq. İnanıram ki, bunun bəhrəsini görəcəyik. Portuqaliyanın heyətində dünya səviyyəli futbolçular var. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq üçün meydana çıxırlar. Mən düşünmürəm ki, bizimlə oyuna qeyri-ciddi yanaşsınlar. Onlara qarşı bir saniyə belə boş dayanmaq olmaz. Son ana qədər mübarizə aparmaq lazımdır. Əgər uğur qazanmaq istəyiriksə, daha istəkli olmalı, daha çox qaçmalıyıq”.

Millinin yarımmüdafiəçisi Vüqar Mustafayev isə uğurlu starta ümid etdiyini deyib: "Seçmə mərhələnin ilk oyunudur. Bizim üçün yaxşı başlanğıc olacağına ümid edirəm. Portuqaliya yığmasının gücü, futbolçuların bacarığı hamıya bəllidir. Onlara qarşı yaxşı mübarizə aparmaq üçün əzmkarlıq nümayiş etdirməliyik. Futbolda hər nəticə qeydə alına bilər. Qələbə də qazanmaq olar, heç-heçə də etmək olar. Onlardan daha istəkli olsaq, daha çox mübarizə aparsaq, niyə yaxşı nəticə qazanmayaq? Bu cür güclü komandalarla oyunlarda qol vəziyyəti yaratmaq elə də asan deyil. Oyun ərzində yaratdığın imkanlardan maksimum istifadə etməlisən. Hesab edirəm ki, müdafiədə daha diqqətli oynmalıyıq. Rəqib oyunu daha çox irəlidə quracağından biz əks-hücumlarda nəyəsə ümid edə bilərik”.

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi