Millimizin müdafiəçisi: "Məğlub olsan, heç kim əlini sıxmayacaq"

Millimizin müdafiəçisi: "Məğlub olsan, heç kim əlini sıxmayacaq" "Həqiqətən də, ağır qarşılaşma oldu"
Futbol
10 Mart , 2021 15:02
Millimizin müdafiəçisi: Məğlub olsan, heç kim əlini sıxmayacaq
Eduardo Borges

"Həqiqətən, ağır qarşılaşma oldu. Əhval-ruhiyyəmiz yaxşı idi, sırf oyuna köklənmişdik. Rəqib də boş dayanmırdı. Çalışırdı evdə oynamağı üstünlüyə çevirsin".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Eduardo Borges federasiyanın rəsmi saytına açıqlamasında səfərdə Moldova yığmasını 5:3 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.

Braziliyalı müdafiəçi bildirib ki, əsas olan nəticədir: "Uşaqlar yaxşı oynadılar. Bu, idmandır, əsas olan isə nəticədir. Məğlub olsan, heç kim əlini sıxmayacaq, təbrik etməyəcək. Yaxşı oynayıb uduzmaqdansa, pis oynasan belə, qələbə qazanmağın daha vacibdir. Bizim üçün 3 xal lazım idi, bunu da bacardıq".

35 yaşlı oyunçunun sözlərinə görə, artıq rəqiblər bir-birini daha yaxşı tanıyır: "Məncə, uşaqlar istəkli idilər, oyuna fokslanmışdılar. Çətin qarşılaşma oldu. Amma yekunda hamımız istədiyimiz nəticəni qazandıq və buna görə məmnunuq. İndi rəqiblər bir-birini yaxşı tanıyır. Onlar da hər gün məşq edirlər, hazırlaşırlar. Bizdə alınmaya-alınmaya 5 qol vurduq, Moldova futzalçıları isə cəmi 3 dəfə bizi cəzalandırdılar. Deməli, biz onlardan daha yaxşı oynamışıq. Həm də nəzərə alaq ki, biz Bakıda yox, fərqli zalda oynayırdıq".

Borges görüşün çətin keçdiyini söyləyib: "Biz matçın keçirildiyi arenada 3 məşq keçdik, Moldova millisi isə hər gün bu zalda hazırlaşır. Onlar bu zala daha yaxından bələddirlər. Bu baxımdan 3 gün azdır. Həm də birinci hissənin 10 dəqiqəsi tamam olanda bizim passivimizdə artıq 5 cərimə xalı var idi. Maksimum ehtiyatlı tərpənməli, bir-birimizi düzgün sığortalamalı idik. Kənardan asan görünsə də, meydanda bunu etmək çətindir".

Futzalçı Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən yığmanın qalan oyunlardakı hədəfini də açıqlayıb: "Biz hələ işimizi başa çatdırmamışıq. Son oyunadək mübarizəmizi davam etdirəcəyik. Əvvəlcə birinci pilləni təmin etməliyik. Üstəlik, oyunumuzu inkişaf etdirmək lazımdır. Arxada qalan görüşlərdəki səhvlərimizi aradan qaldırmalıyıq. Final mərhələsinə vəsiqə qazandıq. Deməli, məqsədə nail olduq. Lakin mübarizə davam edir, iki oyundan da maksimum xal toplamalıyıq".

Son xəbərlər

Orphus sistemi