Millinin sabiq qapıçısı Ronalduya qarşı oyunda həmkarlarına Allahdan kömək dilədi

Millinin sabiq qapıçısı Ronalduya qarşı oyunda həmkarlarına Allahdan kömək dilədi "Bunun özü ən ideal motivasiyadır"
Futbol
17 Mart , 2021 20:03
Millinin sabiq qapıçısı Ronalduya qarşı oyunda həmkarlarına Allahdan kömək dilədi
Anar Nəzirov

"Millimizi qarşıda çox çətin oyunlar gözləyir. İstər Portuqaliya və Serbiya ilə seçmə mərhələ matçları, istərsə də Qətərlə yoldaşlıq görüşü asan keçməyəcək. Yığmaya yalnız uğurlar arzulayıram".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin kapitanı Anar Nəzirov Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi oyunlar barədə danışarkən deyib.

Yığmanın sabiq qapıçısı bildirib ki, komanda sonadək mübarizə aparsa, yaxşı nəticə ilə qayıda bilər: "Deyə bilmərik ki, gedib Portuqaliyadan xal alacağıq. Amma istək güclü olsa, yaxşı oyun göstərə bilərik. Bu halda, nəticə özü gələcək. Amma qrupdakı istənilən komanda bizim üçün təhlükəlidir".

A qrupunda yer alan Azərbaycan millisi seçmə mərhələdəki ilk görüşündə Portuqaliya seçməsi ilə üz-üzə gələcək. 36 yaşlı qolkiperin sözlərinə görə, Kriştianu Ronaldu kimi ulduzlara qarşı oynamaq ən yaxşı motivasiyadır: "Millidəki həmkarlarım Ronalduya qarşı oynayacaqlar. Onlara yalnız Allahdan kömək diləyirəm. Özləri də kiminlə mübarizə aparacaqlarını yaxşı bilirlər. İstənilən halda, yığmaya çağırılmısansa, bilirsən ki, ulduzlara qarşı oynayacaqsan. Bunun özü ən ideal motivasiyadır".

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda gerçəkləşəcək Portuqaliya - Azərbaycan matçı Bakı vatı ilə 23:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi