Norveç "Molde"sinin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdiyi oyunun ən yaxşı futbolçusu müəyyənləşib.
"Report" xəbər verir ki, yerli mətbuat bu ada komandanın yarımmüdafiəçisi Stian Qregerseni layiq görüb.
3 aylıq zədədən sonra meydana qayıdan norveçli oyunçu dünənki qarşılaşmada özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb.
Sıralamada 2-ci yeri komandanın qapıçısı Andreas Linde tutub. Penaltilər seriyasında Bədavi Hüseynovun zərbəsini zərərsizləşdirən qolkiper komandasının pley-offa adlamasında əsas pay sahiblərindən biri olub.
İlk "3-lüy"ü "Molde"nin digər yarımmüdafiəçisi Eyrik Hestad tamamlayıb.
Qeyd edək ki, penaltilər seriyasında daha dəqiq oynayan (6:5) Norveç təmsilçisi Çempionlar Liqasının növbəti raundunda Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gələcək. "Qarabağ" isə yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək.