"Bu, fantastik, indiyədək iştirakçısı olduğum ən çılğın təcrübələrdən biri idi".
"Report"un məlumatına görə, bunu Norveç "Molde"sinin baş direktoru Ole Erik Stavrum "Dagbladet" nəşrinə açıqlamasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a penaltilər seriyasında qalib gələrək pley-offa adladıqları oyun barədə danışarkən deyib.
Klub rəsmisi bildirib ki, qələbəni xüsusi qeyd edəcəklər: "Qorxuram ki, bu gün otelimizin barını bağlatdıracağıq (gülür)".
Stavrumun sözlərinə görə, bu qalibiyyət klub üçün 2 məna kəsb edir: "Birincisi, bizim pley-offu keçib qrupa yüksəlmək şansımız var. Belədə doğma "Aker" stadionunda daha nəhəng rəqiblərlə qarşılaşacağıq və maraqlı oyunlar olacaq. Digər tərəfdən, pandemiya dövründə qazanacağımız məbləğ "Molde" üçün çox şey deməkdir. Amma bu gün idman daha vacibdir".
Qeyd edək ki, əsas və əlavə vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında daha dəqiq oynayan (6:5) "Molde" adını Çempionlar Liqasında pley-offa yazdırıb. Komanda bu mərhələdə Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşacaq.