Fransanın "Monako" futbol klubunda koronavirusa yoluxma aşkarlanıb.
Bu barədə "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilir ki, futbolçulardan birində COVID-19 testinin nəticəsi müsbət olub. Həmin oyunçunun adı açıqlanmır.
"Monako"da bildiriblər ki, futbolçunun xəstəliyi simptomsuzdur. O, indi karantində, həkimlərin müşahidəsi altındadır.
“Monako” Fransanın I Liqasında üç matçdan sonra yarış cədvəlində üçüncü yer tutur. Komandanın aktivində yeddi xal var.
Xatırladaq ki, daha əvvəl "Monako" klubunun baş məşqçisi Niko Kovaçda da koronavirus aşkarlanıb.