"Neftçi"ni Türkiyənin "Bursaspor" klubuna dəyişən Azərbaycan millisinin futbolçusu Namik Ələskərov yeni komandasının heyətində Türkiyə I liqasının 2-ci turunun oyununu da buraxacaq.
"Report" xəbər verir ki, buna səbəb Bursa təmsilçisinin 26 yaşlı yarımmüdafiəçini sifariş edə bilməməsidir. Oyunçu "Erzurumspor"la matç üçün səfərə aparılsa da, meydana çıxa bilməyəcək.
Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
"Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev də "Report"a açıqlamasında Ələskərovun transfer vərəqəsinin qarşı tərəfə verilmədiyini təsdiqləyib.
Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb.