"Neftçi"nin 3 futbolçusu viza problemi ilə üzləşib

"Neftçi"nin 3 futbolçusu viza problemi ilə üzləşib "Neftçi" klubunun üç afrikalı futbolçusu viza problemi ilə üzləşib.
Futbol
16 İyun , 2021 13:01
Neftçinin 3 futbolçusu viza problemi ilə üzləşib

"Neftçi" klubunun üç afrikalı futbolçusu viza problemi ilə üzləşib.

Bu barədə "Report"a paytaxt təmsilçisinin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

O bildirib ki, seneqallı Mamadu Mboc, qvineyalı Mamadu Kane və nigeriyalı Yusuf Lavala Şengen vizası alarkən problem yaşayıblar: "Pandemiya səbəbindən Şengen ölkələrində viza ilə bağlı şərtlər dəyişib. Onlar dedilər ki, biz vizanı yalnız iyunun 16-dan sonra verə bilərik. Biz də fikirləşdik və təlim-məşq toplanışın proqramında dəyişiklik etməyi qərara aldıq. Sloveniyaya hamımız birlikdə hərəkət etmək qərarına gəldik. Viza ilə bağlı problem artıq həll edilib".

Allahverdiyev klubla müqavilə müddəti bitən Anton Krivotsyukun taleyinin hələ bəlli olmadığını sözlərinə əlavə edib: "Antonla uzanan, davam edən danışığımız olmayıb. Biz ona qalması üçün konkret təklifimizi etmişik və şərtlərimizi də demişik. O, ölkə xaricindən təkliflərinin olduğunu, legioner həyatı yaşamaq istədiyini söyləyib. Bizimlə müqaviləsi bitib, klubda qalmasını istəyirik. Karyerası ilə bağlı yekun qərarı özü verəcək. Baş məşqçi Samir Abasov da onun qalmasının tərəfdarıdır".

Klub rəsmisi "Sumqayıt"da çıxış edən Xəyal Nəcəfovun gündəmlərində olmadığını vurğulayıb: "Mətbuatda xəbərlər yazılıb, amma bizim onunla danışığımız olmayıb".

Qeyd edək ki, "Neftçi" iyunun 18-də təlim-məşq toplanışı üçün Sloveniyaya yollanacaq. İyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanışda 4 yox, 3 yoxlama oyunu baş tutacaq. "Ağ-qaralar" iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), iyunun 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ müəyyənləşməyib. Flaqman Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə üz-üzə gələcək. Komandanın II təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi