"Bu gün deyirlər ki, "Neftçi" qrup mərhələsinə düşməlidir. Bunu biz də istəyirik. Əgər mənim büdcəm 40 faiz enibsə, bunu necə edə bilərəm?"
"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin idman direktoru Ceyhun Sultanov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində deyib.
O bildirib ki, Avropa Liqasında yaxşı nəticə qazanmaq istəyirlər: "Nə dərəcə alınacağını oyunlar göstərəcək. Hamı deyir ki, "Neftçi"də hər şey əladır, bunlar necə transferlərdir? Mənim büdcəm olsaydı, ən yaxşılarını seçib gətirərdim. Qabağıma qoyulub ki, büdcəmiz bu qədərdir".
Sultanov sabiq futbolçuları Baqali Dabo üçün ayrılan büdcəyə 4 futbolçu gətirdiyini etiraf edib: "Özünüz düşünün, bu, qrup mərhələsində oynamaq üçün yetərlidirmi? Amma qıraqda olan futbol "mütəxəssislər"i, yalnız öz xeyirlərinə danışanlar deyirlər ki, klubda hər şey var, bu, nə cür idarəçilikdir, bu, necə işdir? Hansısa mütəxəssis bu vəziyyətdə komandanı qrup mərhələsinə çıxaracaqsa, iki əlimlə razıyam, gəlsin, komandanı qrupa yüksəltsin. Bizim də istəyimiz var, lakin bundan da önəmlisi meydanda sərgilənən oyundur. Futbolçunun səviyyəsi büdcə tələb edir, hamısı ona bağlıdır. Hansısa mütəxəssis "Neftçi"də hər şeyin maliyyə cəhətdən əla olduğunu deyirsə, səhv düşünür".