Ceyhun Sultanov: "Qalatasaray"a qarşı hücum futbolu absurd olar"

Ceyhun Sultanov: "Qalatasaray"a qarşı hücum futbolu absurd olar" "Ötən mövsüm Avropa Liqasında Rusiya "Arsenal"ı ilə oyundan öncə deyirdilər ki, "Neftçi" üçün turnir bitdi və burada da dayanacaq.
Futbol
9 Sentyabr , 2020 17:36
Ceyhun Sultanov: Qalatasaraya qarşı hücum futbolu absurd olar
Ceyhun Sultanov

"Ötən mövsüm Avropa Liqasında Rusiya "Arsenal"ı ilə oyundan öncə deyirdilər ki, "Neftçi" üçün turnir bitdi və burada da dayanacaq. Hərdən fikirləşirəm ki, bir klubumuz yaranardı və büdcəsi milyonlarla olardı, çıxıb matçları qazanardı. Ondan sonra kimləri tənqid edəcəkdilər?" 

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin idman direktoru Ceyhun Sultanov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində deyib. 

O, Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları Türkiyə "Qalatasaray"ı ilə matç barədə də danışıb: "Futboldur, cütün taleyi bir oyunda həll olunacaq. Sabah matça çıxdıq, 90 dəqiqədən sonra qələbə qazandıq, onda necə olacaq? Deyəcəklər ki, onlar yaxşı durumda deyildi və çempionatları başlamamışdı. Mən udanda və uduzanda da tənqidi qəbul edirəm. "Qalatasaray"a qarşı hücum futbolu oynamaq absurd olar. Bu, bir az düzgün olmaz. Çalışacağıq ki, yaxşı və mübariz futbol sərgiləyək. İstanbul klubundan öncə Premyer Liqada "Sumqayıt"ı məğlub etmək mütləqdir. Ondan sonra yaxşı əhval-ruhiyyə ilə növbəti oyuna köklənmək olar. Mən hər zaman qələbəni fikirləşirəm". 

Sultanov hər kəsin "Neftçi"də işləmək istədiyini vurğulayıb: "Hamının gözü buradadır. Məncə, büdcəsi nə qədər aşağı olsa da, "Neftçi" stabil komandalardan biridir. İşimizi sevə-sevə görürük".

O, hücumçudan əlavə, dayaq yarımmüdafiəçisi də alacaqlarını sözlərinə əlavə edib. Direktor növbəti transferlərin "Qalatasaray"la oyundan sonra bəlli olacağını diqqətə çatdırıb: "Mərhələ keçsək, transferlər ola bilər. Hazırda gündəmdə iki transfer var. Çalışacağıq ki, bunları tez yekunlaşdıraq".

Sultanov Türkiyədən "Neftçi"nin futbolçularına təklif gəldiyini xatırladıb: "Avropadan da təkliflər var. Təklif hazırda məndədir. Amma onu heç futbolçuya göstərə bilmərəm, yoxsa onun bir yerə fokuslanmasını əlindən alacağam. Onlar "Neftçi"ni düşünməlidirlər, vaxtı gələndə özümüz futbolçulara deyəcəyik".

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlanacaq.  

Son xəbərlər

Orphus sistemi