"Son oyunda komanda şəklində məğlub olduq".
Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin kapitanı Emin Mahmudov evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur oyunu barədə danışarkən deyib.
29 yaşlı futbolçu baş məşqçi Samir Abasovun tapşırıqlarını yerinə yetirə bilmədiklərini söyləyib: "Baş məşqçi "Sumqayıt"ın üstün tərəflərini bizə demişdi. Sadəcə, tapşırıqları yerinə yetirə bilmədik".
Təcrübəli yarımmüdafiəçi artıq növbəti turda "Qəbələ" ilə keçirəcəkləri səfər matçına kökləndiklərini vurğulayıb: "İndi bizim üçün önəmli olan qarşıdakı oyunda qələbə qazanmaqdır. Başqa heç nə haqqında düşünmürük".
Mahmudov ötən tur "Neftçi"də ilk rəsmi matçına çıxan yaponiyalı ulduz futbolçu Keysuke Hondanın çıxışını da dəyərləndirib: "Honda cəmi bir hissə oynayıb. İnanıram ki, bizə kömək edəcək. Çox ağıllı oyunçudur".
Milli komandanın aparıcı üzvlərindən birinə çevrilən yarımmüdafiəçi baş məşqçi Canni De Byazinin yenidən ona etimad göstərməsinin səbəbini açıqlayıb: "Bəzi şeyləri öz aramızda danışdıq. Məndən nə istədiyini izah etdi. Məşqdə onun tapşırıqlarını yerinə yetirməyə çalışdım. Bundan sonra mənə şans verdi".
Qeyd edək ki, aprelin 10-da keçiriləcək "Qəbələ" - "Neftçi" matçı saat 16:00-da başlayacaq.