"Hazırlıqlarımız yaxşı gedir. Məşqçilərin tapşırığını düzgün yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Tallison Dias klubun televiziyasına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.
Braziliyalı sol cinah müdafiəçisinin sözlərinə görə, indiki məqamda Bakıda qalıb hazırlıq keçmək daha yaxşıdır: "Bütün komanda buradakı mühitə adaptasiya olunub. Bu, bizim üçün daha faydalı olacaq".
"Keşlə" ilə yoxlama matçında (4:3) dubl edən Tallison komandaya kömək etdiyi üçün şad olduğunu bildirib: "Sevindirici haldır ki, son oyunda 2 qol vurdum, komandaya köməyim dəydi. Bu cür oyunumuz məşqlərdən irəli gəlir. Orada etdiklərimizi matçlarda təkrarlamağa çalışırıq".