"Neftçi" klubunun və Azərbaycan millisinin futbolçusu Mert Çelikin "Report"a müsahibəsi
- Türkiyənin Antalya şəhərindəki təlim məşq-toplanışını başa vurdunuz. Hazırlıq prosesi necə keçdi?
- Toplanış yaxşı keçdi, həm yorucu, həm də zövqlü idi. Komanda olaraq çox yaxşı hazırlaşdıq. İnanıram ki, qarşıda hər şey bizim üçün daha yaxşı olacaq.
- "Neftçi"nin mövsümün ikinci hissəsinə tam hazır olduğunu demək olar?
- İkinci yarıya ölkə kubokunda "Sabah"la oyunla yaxşı start vermək istəyirik. Daha sonra qələbələri sıralamaq niyyətindəyik. Əlbəttə, çempionatda da hədəflərimiz böyükdür.
- Yeni transferləriniz haqqında nə düşünürsünüz?
- Heyətə yeni cəlb edilənlərin hamısı yaxşı futbolçulardır. Əminəm ki, onlar komandaya böyük köməklik göstərəcəklər.
- Türkiyə mediasının iddiasına görə, "Fənərbağça" və "Qalatasaray" sizinlə maraqlanır. Bu barədə nə deyə bilərsiniz?
- Adımın belə klublarla hallanması çox gözəl hissdir. Lakin bu mövzuları çox düşünmək istəmirəm. Hazırda sadəcə, "Neftçi"yə və işimə köklənmişəm.
- Hətta "Fatih Karagümrük" və "Qaziantep"in sizə təklif göndərdiyi yazılıb. Həqiqətən təklif olubmu?
- Bu mövzularla atam və menecerim maraqlanır. Bəli, təkliflər və mənimlə maraqlanan klublar var. Amma klubların adlarını çəkmək istəmirəm.
- Müqavilə ilə "Başakşehir"ə məxsussunuz. Yayda "Neftçi"dəki icarə sözləşməsi başa çatır. Müqaviləni yeniləyəcəksiniz?
- Klub mənimlə müqaviləni yeniləmək niyyətindədir. Mənim də istəyim bu yöndədir. Gözləyək, hər şeyi zaman göstərəcək. Daha bir il burada qalmaq, ardınca isə Avropaya transfer olmaq niyyətindəyəm. Hədəflərim budur.
- "Başakşehir"in bu mövzuda mövqeyi necədir?
- Bu barədə nə isə deyə bilmərəm, çünki iki klub arasında olan məsələdir.
- "Neftçi"dən ayrıldıqdan sonra Azərbaycan millisindən dəvət gəlsə, yığmada oynamağa davam edəcəksiniz?
- Əlbəttə. Burada oynamağa davam edəcəyəm. Mən verdiyim sözdən geri dönmək istəmirəm.
- "Neftçi" bu mövsüm çempionluq titulunu qoruya biləcəkmi?
- Ötən mövsümdə olduğu kimi, son dəqiqəyə qədər təqib edəcəyik. Əlimizdən nə gəlirsə, onu da edəcəyik.
- İkinci yarıya kubok matçı ilə start verəcəksiniz. Daha sonra isə XV turda "Qarabağ"la üz-üzə gələcəksiniz...
- Hazırda kubokda "Sabah"la görüşü düşünürük. Yaxşı nəticə əldə etmək niyyətindəyik. Çempionatda isə ardıcıl qələbələr əldə etmək yaxşı olardı.
- Mövsümün ilk yarısında hər iki görüşdə "Qarabağ"a uduzmusunuz. 9-cu turda 0:4 hesablı ağır məğlubiyyətiniz də var. Rəqibdən intiqam almaq istəyirsinizmi?
- İntiqam demək istəməzdim. Amma sadəcə, qələbə qazanmaq niyyətindəyik. Premyer Liqaya yaxşı başlasaq, növbəti qarşılaşmalarda motivasiyamız da artacaq.