"Neftçi" Polşanın "Visla" (Plotsk) klubuna keçən sabiq futbolçusu Anton Krivotsyukun təqdimatı zamanı Azərbaycanın və flaqmanın bayrağına hörmətsizliklə bağlı Plotsk təmsilçisinin rəhbərliyinə irad bildirib.
Bu barədə "Report"a açıqlamasında paytaxt klubunun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, artıq sözügedən video bütün sosial platformalardan və yutubdan silinib: "Bizə dedilər ki, həmin detallara fikir verməyiblər. Səhvlərini etiraf etdilər və videonu sildiklərini söylədilər".
Allahverdiyev bu barədə Krivotsyukun özü ilə də danışığın olduğunu söyləyib: "Antonla da söhbətimiz oldu. Həmin vaxt bu məsələ onun da ağlına gəlməyib. Əsas odur ki, problem aradan qalxdı".
Qeyd edək ki, Anton Krivotsyuk "Visla" ilə 2 illik müqavilə bağlayıb. Futbolçunun təqdimat videosunda Azərbaycanın və "Neftçi"nin bayraqları yerə atılıb.