Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
"Report"un məlumatına görə, günün ilk oyununda "Neftçi" "Qəbələ"nin qonağı olub.
Qəbələ şəhər stadionundakı matç 2:2 hesabı ilə yekunlaşıb. İlk hissədə qapılara qol vurulmayıb. Görüşdə əsas hadisələr ikinci yarıda baş verib. 54-cü dəqiqədə meydan sahiblərinin heyətində Ceyms Adeniyi baxımlı qolla hesabı açıb.
62-ci dəqiqədə paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov hesabı bərabərləşdirib. Bundan 5 dəqiqə sonra "qırmızı-qaralar" yenidən önə keçib. Yurqen Qoxa topu qapıdan keçirib. Flaqmanın kapitanı Emin Mahmudov 71-ci dəqiqədə penaltidən fərqlənməklə hesaba yenidən tarazlıq gətirib.
Bu nəticədən sonra xalını 43-ə çatdıran "Neftçi" ən azı bir günlük liderliyə yüksəlib. "Qəbələ" isə 24 xalla 5-cidir.
Qeyd edək ki, günün digər oyununda "Sabah" "Səbail"i qəbul edəcək. Tura aprelin 11-də oynanılacaq "Zirə" - "Keşlə" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.