Stend atıcılığı üzrə macarıstanlı olimpiya çempionu Diana İqay 56 yaşında dünyasını dəyişib.
"Report" Macarıstan Atıcılıq Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, veteran idmançının ölümünə koronavirusun yaratdığı fəsadlar səbəb olub.
Qeyd edək ki, Diana İqay karyerası ərzində azərbaycanlı olimpiya, 2 qat dünya və 3 qat Avropa çempionu Zemfira Mehtahəddinovanın əsas rəqiblərindən olub. O, 2004-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilmiş Yay Olimpiya Oyunlarının qızıl medalını qazandığı vaxt Mehfahəddinova "bürünc"ə sahib olub. 2000-ci il Sidney olimpiadasında isə əksinə, azərbaycanlı atıcı qızıl, macarıstanlı idmançı isə bürünc medal əldə edib.
İqayın aktivində dünya çempionatlarının iki qızıl, bir gümüş və iki bürünc medalı da var. Avropa çempionatlarında isə o, bir qızıl, bir gümüş və iki bürünc medala sahib çıxıb.