Braziliyanın "Palmeyras" və "Santos" komandaları arasında Libertadores Kubokunun final matçı keçirilib.
“Report” xəbər verir ki, görüş Rio-de-Janeyronun "Marakana - Mario Filyu" stadionunda baş tutub və “Palmeyras”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar bütün matç ərzində hesabı açmağa çalışsalar da, yeganə qol görüşün sonunda vurulub. Matçın argentinalı baş hakimi Patrisiu Loustau qarşılaşmanın ikinci hissəsinə səkkiz dəqiqə əlavə edib. Qolu meydana 85-ci dəqiqədə çıxmış hücumçu Breno Enrike vurub.
Qoldan bir neçə dəqiqə əvvəl referi “Palmeyras”ın baş məşqçisi Abel Ferreyranı idmana yaraşmayan hərəkətinə görə stadiondan uzaqlaşdırıb.
Beləliklə, "Palmeyras" tarixində ikinci dəfə Libertadores Kubokuna yiyələnərək, 4 - 11 fevralda Qətərdə təşkil olunacaq klublararası dünya çempionatına vəsiqə qazanıb.