"Final oyununu həmişə maraqlı keçirməyə çalışırıq. İstəyirik ki, yaddaqalan olsun".
Bu fikirləri "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunda final oyunlarının təşkili barədə danışarkən deyib.
Funksioner bildirib ki, kubokda həlledici qarşılaşmalar ildən-ilə rəngarəng olur: "Bir az özümüzü tərifləyim. Qəbələdəki final oyununda paraşütlə kubokun gəlməsi işçilərimizin öz ideyası idi. Biz azarkeşləri nə iləsə heyran etməyi xoşlayırıq. 2020-ci ildə final matçını pandemiya ilə bağlı keçirə bilmədik. Bu il pandemiya olsa da, təşkil etdik".
Musayev 2021/2022 mövsümündə final matçının harada keçiriləcəyi ilə bağlı məsələyə də toxunub: "Əvvəlcədən danışmaq bizə düşmür. Bu mövsüm final görüşünü keçirmək qismət olsa, sürpriz edəcəyik. Növbəti mövsümün finalını isə Qarabağdakı bölgələrin birində keçirmək istəyirik. Xatırlayırsınızsa, PFL yaranandan sonra biz “Qarabağ” – “İnter” matçını Quzanlıda keçirdik. Həmin vaxt şüarımız var idi: "Bu gün Quzanlıya, sabah Qarabağa". Arzumuz da həyata keçəcək".