"Elit futbolçularla birlikdə oynamaq əladır. Bu qələbə işimizin bəhrəsidir. Nəticədən çox razıyam".
"Report"un məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının futbolçusu Nunu Mendeş İtalliyanın Turin şəhərində Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Ölkəsinin "Sportinq" klubunda çıxış edən 19 yaşlı sol cinah müdafiəçisi matçdan öncə yığmanın kapitanı Kriştianu Ronaldudan məsləhət aldığını söyləyib: "Tək o yox, bütün futbolçular mənə öz məsləhətlərini verdilər. Özümü rahat hiss etməyim vacibdir".
Yarımmüdafiəçi Joau Palinya isə görüşün asan keçmədiyini bildirib: "Müasir futbolda asan oyunlar olmur. Bu cür müdafiə olunan yığmalara qol vurmaq asan deyil. Ad baxımından bəzi komandaları qiymətləndirməmək vərdişimiz var. Artıq bərpa olunmalı və Serbiya ilə matçı analiz etməliyik. Meydana 200 faizlik konsentrasiya ilə çıxmalıyıq".
26 yaşlı futbolçu yığmadakı debüt oyununa görə qürur duyduğunu bildirib: "Çox sevincliyəm. Hər oyunçu milli komandanı təmsil etmək istəyir. Mən də bu sıradayam".