Qara Qarayev: "Sabahkı oyunda məğlub komanda olmayacaq"

Qara Qarayev: "Sabahkı oyunda məğlub komanda olmayacaq" Xalqımızın duası Türkiyənin yanında olacaq
Futbol
26 May , 2021 13:34
Qara Qarayev: Sabahkı oyunda məğlub komanda olmayacaq
Qara Qarayev

"Öncə bildirmək istərdim ki, Türkiyə Futbol Federasiyasına və türk millətinə təşəkkür, vəfa borcumuz var. Burada olmağın sevincini yaşayırıq. Türkiyə ilə görüş bizim üçün xüsusi önəm kəsb edir. Burada məğlub komanda olmayacaq. Arzu edirəm ki, ən yaxşı hazırlıq matçlarından biri olacaq".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Qara Qarayev Türkiyə ilə yoldaşlıq matçından öncə mətbuat konfransında deyib.

29 yaşlı yaımmüdafiəçi bildirib ki, bu oyun yoldaşlıq, dostluq yox, qardaşlıq görüşüdür: "Nəticəsi necə olursa-olsun, itirəcək bir şeyimiz yoxdur. İstər Türkiyə, istər Azərbaycan millisi qalib gəlsin, fərqi yoxdur, son nəticədə hamımız qazanacağıq. Heyətdə zədəli futbolçumuz yoxdur. Hər oyunda məqsədimiz qələbədir. Bizi maraqlı oyun gözləyir. Yoldaşlıq görüşləri seçmə mərhələ oyunlarına hazırlıq baxımından önəmlidir".

Qarayev Türkiyə millisi barədə də fikirlərini bölüşüb: "Bu komanda haqqında ən yaxşı sözləri deyə bilərəm. Avropa çempionatında oynamadığımız vaxtlarda daim Türkiyə millisinin yanında olmuşuq. Düşünürəm ki, "ay-ulduzlular"da aqressiya, əzmkarlıq, yaxşı baş məşqçi var. Hazırkı komanda daha gəncdir və yaxşı komplektləşib".

Türkiyə yığmasının AVRO-2020-də Bakıda 2 oyun keçirəcəyini xatırladan futbolçu bir millət kimi bu komandanın yanında olacağımızı söyləyib: "Bu, təkcə Azərbaycan paytaxtında oynamaları ilə əlaqədar deyil. Dünyanın harasında oynayırlarsa-oynasınlar, biz həmişə Türkiyə yığmasının azarkeşiyik. Bütün dualarımız "ay-ulduzlular"ladır. Türk dünyası üçün sevindirici nəticələr əldə edəcəklərinə inanırıq. Bizim üçün də üstünlük olar ki, qrupdan çıxsınlar və 1/8 finala yüksəlsinlər. İnşallah, bu xoşbəxtliyi hamımız görəcəyik. Elə vəziyyət yaranıb ki, azarkeşlərimizə nəsə deməyə ehtiyac yoxdur. Hər zaman Türkiyəni dəstəkləmişik. Bundan sonra da elə olacaq".

Təcrübəli oyunçu çempionluq mübarizəsində "Neftçi"yə məğlubiyyəti də şərh edib: "Ağır mövsüm keçirdik. Ardıcıl 7 çempionluqdan sonra 2-ci yeri tutduq. Burada olmağımız həmin çətinliyi unutdurdu. Yığma üzvləri ilə yaxşı münasibətlərimiz var. Çempionatda rəqib olsaq da, burada yumruq kimiyik. Hər şey Bakıda qaldı. Çempionluq münasibətilə "Neftçi" camiəsini təbrik etdik. Bizə yaraşan da budur".

Qarayev "Qarabağ"ın avrokuboklardakı çıxışını da dəyərləndirib: "7 ildir avrokubokların qrupunda oynayırıq. Bu, bizim üçün böyük uğurdur. Bu mövsüm Bakıda oynaya, istədiyimiz kimi mübarizə apara bilmədik. Matçlarımızı Türkiyədə keçirməyə qərar verdik. Buradakı görüşlərin Bakıdakılardan heç bir fərqi olmadı. Özümüzü evimizdəki kimi hiss etdik. Bugünədək bizimlə eyni qrupda oynamış bir çox komanda finala vəsiqə qazanıb. Düşünürəm ki, bizim üçün də xüsusi gündür"

Qeyd edək ki, mayın 27-də Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi