"Qarabağ" və Şotlandiyanın "Aberdin" klubları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin Bakıda keçiriləcək ilk oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.
Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 5 min 500 bilet satılıb.
Matç üçün 15 min bilet satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.
Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada baş tutacaq.