"Komandadan ayrılmağıma peşman deyiləm. Çünki mənim səhvim yox idi. Günahım olsaydı, hardasa sizinlə razılaşardım".
Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Donald Gerye Ağdam klubundan gedişi barədə danışarkən deyib.
Kipr "Apollon"u ilə 1,5 illik müqavilə bağlayan haitili yarımmüdafiəçi Azərbaycan çempionu ilə vidalaşmasına təəssüflənmədiyini bildirib: "Klub məni böyük məbləğdə cərimələmək istəyirdi. Halbuki günahım yox idi, uçuşuma icazə verilməmişdi. Nyu-Yorkda olarkən klubu məlumatlandırmışdım. Bu səbəbdən, cərimələnməyimin mümkünsüz olduğunu söyləmişdim. Çünki əlimdə lazımi sənədlər var idi və hər an FIFA-ya müraciət edə bilərdim. Rəhbərliyə getmək istədiyimi dedim. Bildirdilər ki, özünə komanda tap və get. Mən də klub tapıb, "Qarabağ"dan ayrıldım".
Hazırda Kiprdə karantində olan futbolçu 4-5 gündən sonra komandaya qoşulacağını vurğulayıb: "Apollon"a keçdiyim üçün şadam. İddialı klubdur, qarşısında konkret hədəflər var. Ötən il də bu komandadan təklif almışdım. Amma həmin vaxt "Qarabağ"ın futbolçusu olduğum üçün keçid baş tutmamışdı"
Qeyd edək ki, Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. Bu səbəbdən, Gerye 20 min ABŞ dolları məbləğində cərimə olunaraq, əvəzedici heyətə göndərilib.
Gerye 2017 - 2019-cu illərdə də "Qarabağ"da çıxış edib. Haiti millisinin üzvü 2019-cu ilin yayında "Neftçi"yə keçib və 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. Cİnah oyunçusu karyerasını Kiprin "Apollon" klubunda davam etdirəcək.