“Qarabağ”ın baş məşqçisi: Estoniyada məqsəd çempionluq idi

“Qarabağ”ın baş məşqçisi: Estoniyada məqsəd çempionluq idi Məqsəd çempionluq idi. Çempionatda uğurlu çıxış etdiyi və daha yaxşı komplektləşdiyi üçün komandaya böyük inam vardı.
Futbol
8 İyul , 2024 16:19
“Qarabağ”ın baş məşqçisi: Estoniyada məqsəd çempionluq idi

Məqsəd çempionluq idi. Azərbaycan çempionatında uğurlu çıxış etdiyi və daha yaxşı komplektləşdiyi üçün komandaya böyük inam vardı.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın U-16 komandasının baş məşqçisi Rəşad Sadiqov Estoniyada keçirilən “Tallinn Cup” turnirinin qalibi olmaları barədə təəssüratlarını bölüşərkən deyib.

Mütəxəssis yarışda tanınmış futbol ölkələrinin komandalarının da iştirak etdiyni bildirib:

“Yaxşı turnir idi. Portuqaliyanın “Sportinq” klubunun 2-ci akademiyasının, Latviya və Estoniyanın hərəyə iki, həmçinin İtaliya komandası iştirak edirdi. Ümumilikdə yarışa 7 komanda qoşulmuşdu”.

Məşqçi inamlı qələbə qazandıqlarını söyləyib:

“Sonuncu oyun Estoniya təmsilçisinə qarşı oldu. Rəqibimiz ardıcıl 2 il turnirin çempionu olmuşdu. Doğrudan da yaxşı və inamlı qələbə qazandıq. Hələ ilk oyunda göstərdik ki, hədəfimiz Bakıya kubokla qayıtmaqdır. Buna da sonda nail olduq. Futbolçuların motivasiyası yüksək idi və hədəfə çatmaq istəyi baxımından heç kimdən geri qalmırdı”.

R.Sadiqov “Qarabağ”ın akademiyasında bütün yaş qruplarına yüksək səviyyədə qayğı göstərildiyini vurğulayıb:

“8-9 yaşdan yuxarı futbolçulardan ibarət qruplar müxtəlif turnirlərdə iştirak edir. Aftandil Hacıyevin “Qarabağ”ın futbol akademiyasının koordinatoru təyin olunmasından sonra komandaların iştirak etdiyi turnirlərin sayı çoxalıb. Akademiyanın meneceri Nail Kərimov da dəstək göstərir. Əsas hədəf inkişaf və iştirakdır. Uşaqlar meydana çıxandan sonra ölkəyə çempion kimi qayıtmaq istəyirlər”.

Qeyd edək ki, "Qarabağ"ın U-16 komandası sonuncu oyunda yerli “Trans Narva”nı 2:0 hesabı ilə üstələyərək beynəlxalq turnirin qalibi olub.

Son xəbərlər

Orphus sistemi