Sabahkı matçda ilk xallarımızı qazanmağa çalışacağıq
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov Norveç təmsilçisi "Budyo Qlimt"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
O, sabahkı matçda qələbə qazanmaq istədiklərini bildirib:
"Bizi sabah çox çətin qarşılaşma gözləyir. Rəqib komanda həm müdafiədə, həm də hücumda çox yaxşı çıxış etməyi bacarır. "Budyo Qlimt"lə matçda ilk xallarımızı qazanmağa çalışacağıq. Turnir cədvəlində sonuncu sırada qərarlaşmışıq. İstəyimiz odur ki, hər şeyi öz xeyrimizə dəyişək. Əslində əvvəlki üç turda çox yaxşı mübarizə aparmışıq. Lakin təəssüf ki, həmin görüşlərin heç birində xal qazana bilməmişik".
Müdafiəçi rəqib komandanın meydanının suni örtüyə malik olduğunu xatırladaraq, belə stadionda oynamağa alışmadıqlarını söyləyib:
"Budyo Qlimt" sabahkı matçda müəyyən üstünlüklərə sahib olacaq. Bunlardan biri meydan amilidir. Hansı ki, onlar suni örtükdə oynamağa öyrəşiblər, biz isə yox. Bundan başqa, azarkeş amili də meydan sahiblərinin xeyirinədir".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.