"Ağır oyun olacaq. Uzun yol qət etmişik. Hədəfimiz yaxşı oyun göstərməkdir".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina Kiprdə "Omoniya"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.
Kolumbiyalı müdafiəçi komandasının sabah ən yaxşı oyunlardan birini göstərəcəyinə inandığını bildirib: "Ümid edirəm ki, hər şey bizim üçün uğurlu alınacaq".
28 yaşlı futbolçu oyununda yüksəliş olduğunu hiss etdiyini söyləyib: "Bəlkə də bunun səbəbi adaptasiyadır. Ötən mövsümdəki səhvləri kənara qoysaq, daha pozitiv amilləri götürdüm. Artıq özümü daha güvənli və yaxşı hiss edirəm".
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.