"Premyer Liqa və UEFA Konfrans Liqasında vəziyyətimiz yaxşıdır. Yaranmış fasilədə də öz üzərimizdə çalışmalıyıq. İnkişaf etmək və oyunumuzu təkmilləşdirmək üçün mümkün qədər daha çox məşq etməliyik".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Kevin Medina klubun rəsmi saytına açıqlamasında deyib.
28 yaşlı müdafiəçi oyun ritmini qorumaq üçün çalışmağa davam etdiklərini bildirib. "Premyer Liqada hazırda liderik və oyunlarımız asan keçmir. Bütün rəqiblər xal almağa və qalib gəlməyə çalışırlar. Konfrans Liqasında qrup mərhələsinin başa çatmasına 2 tur qalsa da, növbəti mərhələyə yüksəlməyi təmin etdik".
Medina bütün azarkeşlər kimi oyunçuların da tarixi uğura çox sevindiyini söyləyib: "Ancaq mən uğurumuzu bu ilin nəticəsi adlandırmazdım. Çünki “Qarabağ” ardıcıl 8-ci dəfədir qruplarda oynayır. Bu uğur uzun illər çəkilmiş zəhmətin nəticəsidir. 8 il ərzində toplanmış təcrübənin bəhrəsini biz görürük. Deməli, bu uğura nail olmaq indiki komandanın qismətində imiş. Azarkeşlərimizə də bizi daim dəstəklədikləri üçün təşəkkür edirəm”.