"Qarabağ" komandası Azərbaycan Premyer Liqasının XIV turunda "Sabah"la keçirəcəyi matça iki futbolçu itkisi ilə çıxacaq.
"Report"un məlumatına görə, Filip Ozobiç və Kevin Medina bugünkü görüşü buraxacaq.
Ozobiç zədə səbəbindən komandaya kömək edə bilməyəcək. 30 yaşlı yarımmüdafiəçinin zadəsinin nə qədər ciddi olduğu hələlik bəlli deyil.
Medina isə cəzalı olduğu üçün matçın iştirak ərizəsinə daxil edilməyəcək. 28 yaşlı kolumbiyalı müdafiəçi XIII turda "Zirə"ni 3:2 hesabı ilə məğlub etdikləri görüşdə qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi ona iki oyunluq cəza verib.
"Sabah" komandasında isə zədələrini yenicə sağaltmalarına rəğmən, hələ kollektiv məşqlərə qatılmayan qapıçı Saşa Stamenkoviç və müdafiəçi Bəhlul Mustafazadənin meydana çıxmayacaqları dəqiqdir.
Qeyd edək ki, bu gün "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Qarabağ" matçı saat 18:00-da başlayacaq.