"Qarabağ"ın legioneri: "Zirvədə nəfəs almaq daha rahatdır"

"Qarabağ"ın legioneri: "Zirvədə nəfəs almaq daha rahatdır" "Komandalar "Qarabağ"a qarşı fərqli hazırlaşır, bizdən xal almağa çalışırlar"
Futbol
5 Aprel , 2021 15:38
Qarabağın legioneri: Zirvədə nəfəs almaq daha rahatdır

"Rəqib yaxşı müdafiə olundu, sonadək mübarizə apardı. Digər tərəfdən, bu komanda hər zaman liderlər üçün başağrısı olub. Bu mənada, matçın çətin keçəcəyini bilirdik".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Uroş Matiç səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçı barədə danışarkən deyib.

Serbiyalı yarımmüdafiəçi qazanılan xalın vacib olduğunu bildirib: "Əslində meydana qələbə üçün çıxmışdıq. Oyun ərzində qol vurmaq üçün bir neçə imkanımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. Amma bu 1 xalın dəyəri, önəmi çox böyükdür. Qalib gələ bilməsək də, bu oyundan müsbət nəticələr çıxarmalıyıq".

Uzun fasilədən sonra start heyətində meydana çıxan 31 yaşlı oyunçu sevincini gizlətməyib: "Həqiqətən, sevindirici haldır. Özümü meydanda çox yaxşı hiss edirdim. Hətta bir neçə dəfə fərqlənmək imkanım da oldu. Təəssüf ki, alınmadı. İrəliyə baxıram. Baş məşqçinin mənə daha çox şans verməsi üçün öz işimə köklənməliyəm".

Təcrübəli futbolçunun sözlərinə görə, komandası liderliyi ələ keçirdikdən sonra oyunlara daha ciddi yanaşacaq: "Meydana rahat çıxacağımızla bağlı fikirlərlə razılaşmıram. Təbii ki, turnir cədvəlinin zirvəsində nəfəs almaq daha rahatdır. Bizi qarşıda 7 final matçı gözləyir. İlk final "Sumqayıt"la qarşılaşma olacaq. Bütün diqqətimizi bu görüşlərə yönəltməliyik. Komandalar "Qarabağ"a qarşı fərqli hazırlaşır, bizdən xal almağa çalışırlar".

Matiç çempionluğun taleyinin son tura qalmayacağına ümid etdiyini söyləyib: "Vaxtından əvvəl qızıl medalların taleyini müəyyənləşdirə bilərik. Amma "Neftçi" də bu titulu qazanmaq istəyir. Onlar da sonadək mübarizə aparacaq. Hər bir ssenariyə hazır olmalıyıq".

O, Serbiya yığmasının Bakıda Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdiyi DÇ-2022-nin seçmə mərhələ oyununa da toxunub: "Maraqlı görüş oldu. Topa nəzarət edən tərəf Serbiya oldu. Bu da gözlənilən idi. Amma asan qələbə olmadı. Azərbaycan millisi də qol vurmaq üçün bir neçə imkan yaxaladı. Xüsusilə Əli Qurbaninin qapıçı ilə üzbəüz qaldığı epizodu qeyd etmək istərdim. Fərqlənə bilsəydi, bəlkə də, nəticə başqa cür ola bilərdi".

Matiç beynəlxalq matçlarda ab-havanın, səviyyə fərqinin tamam başqa cür olduğunu bildirib: "Gördüyünüz kimi, qrupda vəsiqə verən yerləri tutmaq çox çətindir. Ümid edirəm ki, Azərbaycan millisi qarşıdakı oyunlarından daha çox xal yığacaq və özü haqqında xoş təəssürat formalaşdıracaq".

Son xəbərlər

Orphus sistemi