"Bu mövsüm bir qolla kifayətlənmək istəmirəm, ən az dörd qol vurmaq fikrindəyəm. Hədəfim də budur".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina klubun rəsmi saytına açıqlamasında deyib.
Premyer Liqanın XVIII turunda "Qəbələ"ni 5:1 hesabı ilə məğlub etdikləri görüşdə "köhlən atlar"ın 3-cü qola imza atan 29 yaşlı müdafiəçi fərqləndiyi üçün xoşbəxt olduğunu bildirib: "Həqiqətən də gözləyirdim ki, qol vuracağım gün gələcək. Çox şirin və unudulmaz an idi. Hər dəfə standart vəziyyətlərdə irəli gedəndə düşüncəmdə qol vurmaq və komandama xeyir vermək olub. Ancaq qol vurmağım alınmırdı. Allah “Qarabağ”da ilk qol vurmağımı həmin günə nəsib etdi. Qarşılaşmada qapımıza mənim müdaxiləmdən sonra penalti təyin edilmişdi. Bu səbəbdən komandamız mənə görə qol buraxdı. Daha sonra isə Tanrı mənə qol vurmaq fürsəti yaratdı. Qol vurduqdan sonra ikiqat sevinc yaşadım".
Bu gün doğum gününü qeyd edən kolumbiyalı oyunçu azarkeşlərdən çoxsaylı xoş mesajlar aldığını söyləyib: "Onların hər birinə təşəkkür edirəm. Azarkeşlərimizin dəstəyini hər zaman hiss edirik. Çalışacağıq ki, mövsümün sonunda onları sevindirək. Hazırda çempionatda 1-ci pillədəyik və mövqeyimizi qorumaq üçün sona qədər mübarizə aparacağıq".