UEFA 2019/2020 mövsümündə avrokubokların qalan bölümünün bərpası ərəfəsində qrup mərhələsində ən çox məhsuldar ötürmə verən futbolçuların adlarını açıqlayıb.
"Report"un məlumatına görə, siyahıda "Qarabağ"ın yeni transferi Uroş Matiç də var.
Kipr APOEL-i ilə müqaviləsi başa çatdıqdan sonra Ağdam təmsilçisinə keçən serbiyalı yarımmüdafiəçinin aktivində 4 qol ötürməsi var.
30 yaşlı oyunçu bu göstərici ilə İngiltərə "Mançester Yunayted"indən Brunu Fernandeş, "Mançester Siti"dən Riyad Mahrez, Fransa PSJ-sindən Kilian Mbappe və Anxel Di Mariya, Almaniya "Bavariya"sından Koranten Tolisso və "Liverpul"dan Roberto Firmino ilə birlikdə 3-cü pilləni bölüşdürür.
Siyahıya 6 məhsuldar ötürmə ilə Portuqaliya "Braqa"sından Qaleno başçılıq edir. İkinci sırada Niderland "Ayaks"ını İngiltərənin "Çelsi" klubuna dəyişən Hakim Ziyeş (5 məhsuldar ötürmə) qərarlaşıb.
Koronavirus pandemiyası səbəbindən təxirə salınmış avrokuboklarda 2019/2020 mövsümü bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçları ilə bərpa olunacaq.
Qeyd edək ki, Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə imzalayıb.