“Qarabağ” və Kiprin “Omoniya” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununun biletləri bu gündən satışa çıxarılacaq.
"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında saat 11:00-dan saat 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (3 - 5 manat)
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış)
“Qarabağ”ın Park Bulvardakı Fan-Şopunda (saat 11:00-dan saat 19:00-dək), eləcə də "28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00 - 22:00).
Oyun gec saatlarında başa çatacağı üçün “Qarabağ” klubunun “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib. Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01:00-dək sərnişinlər üçün açıq olacaq.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.