"Qarabağ" klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib. "Report"un məlumatına görə, I qrupunun IV tur matçında rəqib Türkiyə "Sivasspor"u olub.
Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar İstanbulun "Başakşehir Fatih Terim" stadionunda təşkil olunmuş qarşılaşma "Sivasspor"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar meydana itkilərlə çıxıblar. “Qarabağ”da Filip Ozobiç cəza səbəbindən, Maksim Medvedev və Rahil Məmmədov koronavirusa yoluxduqları, Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynov zədəli olduqları üçün üçün matçı buaraxıblar. "Sivasspor"da isə 8 futbolçu koronavirus probleminə görə oynaya bilməyib. Nəticədə "Qarabağ"ın oyun üçün sifariş ərizəsində cəmi 16, "Sivasspor"da isə 15 futbolçu yer alıb.
"Qarabağ"ın start heyətində qapını Şahruddin Məhəmmədəliyev qoruyub. Komandasını meydana kapitan kimi çıxaran Qara Qarayev müdafiənin mərkəzində Kevin Medina ilə yanaşı yer alıb. Solda Elvin Cəfərquliyev, sağda isə Donald Gerye çıxış edib. Dayaq yarımmüdafiəçiləri kimi İsmayıl İbrahimli və Uroş Matiç, onların önündə Ovusu Kvabena qərarlaşıb. Hücumun solu Abdullah Zubirə, sağı Toral Bayramova, sivri ucu isə Mahir Emreliyə həvalə olunub.
Görüş əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükutla start götürüb.
Oyuna fəal başlayan Azərbaycan təmsilçisi artıq 8-ci dəqiqədə hesabı açıb. Uroş Matiçin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Abdullah Zubir topu uzaq küncə göndərib. Lakin 40-cı dəqiqədə Qara Qarayev cərimə meydançası daxilində əllə oynadığı üçün sarı vərəqə alıb və komandası penalti ilə cəzalanıb. Aruna Kone dəqiq zərbə ilə bərabərlik qolunu vurub.
"Qarabağ" ikinci hissəyə də qolla başlayıb. 51-ci dəqiqədə Uroş Matiç künc zərbəsindən sonra rəqib müdafiəçilərindən dönən topu uzaq məsafədən güclü zərbə ilə "Sivasspor"un qapısından keçirib. Lakin Ağdam komandasının sevinci uzun sürməyib. 58-ci dəqiqədə Olarenvaju Kayode meydana girər-girməz cinah ötürməsini qola çevirib. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə Kone qoyub. O, özünün ikinci, komandasının üçüncü qolunu vurub.
Beləliklə, "Qarabağ" qrupdakı dördüncü matçında da məğlub olaraq, sona 2 tur qalmış 1/16 finala vəsiqə şansını itirib. Xalını 6-ya yüksəldən "Sivasspor" isə növbəti mərhələ uğrunda mübarizəsini davam etdirib.
Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra "Vilyarreal" 10 xalla 1-ci, "Makkabi" 7 xalla 2-ci, "Sivasspor" 6 xalla 3-cü pillədə qərarlaşıb. Sonuncu pillədəki "Qarabağ" isə xalsızdır.
Qeyd edək ki, "Qarabağ" avrokubokların qrup mərhələsində ardıcıl 7-ci mövsümdür təmsil olunur. Azərbaycan təmsilçisi bunların 1-də Çempionlar Liqasında, 6-da isə Avropa Liqasında çıxış edib və heç bir halda qrupdan çıxa bilməyib.
UEFA Avropa Liqası
I qrupu, IV tur
21:55. “Qarabağ” (Azərbaycan) – “Sivasspor” (Türkiyə) - 2:3
Qollar: Abdullah Zubir, 8. Uroş Matiç, 51 - Aruna Kone, 40 (pen.); 79. Olarenvayu Kayode, 58
Baş hakim: Yakob Kehlet (Danimarka)
İstanbul, “Başakşehir Fatih Terim" stadionu.
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda hesab dəyişib.
"Report"un məlumatına görə, Türkiyə klubu 79-cu dəqiqədə Aruna Konenin vurduğu qolla önə keçib.
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda 4-cü qol vurulub.
"Report"un məlumatına görə, 58-ci dəqiqədə Olarenvayu Kayode hesabı bərabərləşdirib.
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda növbəti qol vurulub.
"Report"un məlumatına görə, Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda ikinci hissə start götürüb.
"Report"un məlumatına görə, ilk yarıdan sonra hesab 1:1 bərabərdir - 1:1.
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda birinci hissə başa çatıb.
"Report"un məlumatına görə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda hesab dəyişib.
"Report"un məlumatına görə, Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib.
"Qarabağ" UEFA Avropa Liqasının I qrupunun IV turunun "Sivasspor"la oyununda hesabı açıb.
"Report"un məlumatına görə, Abdullah Zubir 8-ci dəqiqədə komandasını önə çıxarıb.
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.
"Report"un məlumatına görə, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.