UEFA Gənclər Liqasının I mərhələsinin "Qəbələ" və AZ (Niderland) komandaları arasında keçiriləcək ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
"Report"un məlumatına görə, ukraynalı baş hakim Viktor Kopliyevskiyə həmyerliləri Vitali Skoblya və Vladimir Korotin köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.