"Qəbələ"nin baş məşqçisi: "Bu komanda daha da yaxşı ola bilər"

"Qəbələ"nin baş məşqçisi: "Bu komanda daha da yaxşı ola bilər" "Bizi çətin oyunun gözlədiyini öncədən bilirdik. Rəqib keyfiyyətli futbolçulara malikdir. Həftə ərzində komandanı belə ağır oyuna hazırlamağa çalışdıq. Ümumilikdə kollektiv planımızı yerinə yetirdi və layiqli qələbə qazandıq"
Futbol
21 Avqust , 2021 20:35
Qəbələnin baş məşqçisi: Bu komanda daha da yaxşı ola bilər
Elmar Baxşıyev

"Bizi çətin oyunun gözlədiyini öncədən bilirdik. Rəqib keyfiyyətli futbolçulara malikdir. Həftə ərzində komandanı belə ağır oyuna hazırlamağa çalışdıq. Ümumilikdə kollektiv planımızı yerinə yetirdi və layiqli qələbə qazandıq".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Keşlə"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis bildirib ki, ilk qolun müəllifi Yaovi Akakpo əvvəllər hazırlıqlı olmadığı üçün əsas heyətdə yer almayıb: "O, uzun müddət futboldan kənar qalmışdı. Amma ilk gündən perspektiv vəd edirdi. Qismətində bu mövsüm var imiş. Lakin hələ tam açılmayıb, daha yaxşı ola bilər".

Baxşıyev "Sabah"dan icarəyə götürdükləri qapıçı Nicah Mehbalıyevin çıxışını normal dəyərləndirib: "Nicat inandığımız və güvəndiyimiz qapıçıdır. Hirslənməyim ona görə deyildi. Başqa epizodu görərək, aqressivləşdim. Amma ümumilikdə, Mehbalıyevin çıxışından razıyam".

Baş məşqçi oyundan sonra futbolçular arasında gərginliyin yaranmasına da münasibət bildirib: "Hesabda öndə olduğumuz vaxt qol imkanlarından yararlana bilmirdik. Rəqib komanda da oyunu udmaq istəyirdi. Ona görə də belə halı normal qiymətləndirirəm".

Mütəxəssis ilk yarıda əlverişli fürsətdən yararlana bilməyən Məqsəd İsayevə fasilədə irad bildirmədiyini söyləyib. O, belə halları futbolun içində xırda və heç kimin üzərində ciddi dayanmadığı detal kimi dəyərləndirib. Baş məşqçi ikinci hissədə əks-hücumlarda oynamalarını "Keşlə"nin təzyiqləri ilə əlaqələndirib: "Sırf müdafiədə oturmaq fikrimiz yox idi. Bununla yanaşı, fasilədən sonra rəqib də öz gücünü ortaya qoydu. Həftə ərzində oyuna hazırlaşarkən, "Keşlə"nin harada boşluqlarının olduğunu öyrənmişdik. Oyun həmin boşluqlardan yararlana bildiyimizi göstərdi".

Baxşıyev komandasının 2 oyuna 4 xal toplamasını isə belə dəyərləndirib: "Əlbəttə, nəticəyə oynamaq da önəmlidir. Amma məni nəticədən öncə oyuna yanaşma və tapşırıqları maksimum yerinə yetirmə razı salır. Bunlar olanda işinin bəhrəsini görürsən. Nəticə isə hərdən alınır, hərdən yox. Bu komanda daha da yaxşı ola, daha da inkişaf edə bilər".

Son xəbərlər

Orphus sistemi