"Olimpiakos"a qarşı oyunları çox bəyəndim. Doğrudur, nəticə onu demir. Ancaq matçı izləyən hər kəs komandamıza hörmət bəsləyir".
Bunu "Report"a açıqlamasında "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasının II mərhələsində Yunanıstan təmsilçisi "Olimpiakos"a uduzduqları matçlar (0:3, 0:4) barədə danışarkən deyib.
Mütəxəssis komandanın heyətində gələcək vəd edən futbolçuların olduğunu bildirib: "Deyirlər ki, yaxşı oyunçular çətin qarşılaşmalarda özlərini göstərənlərdir. Məncə, futbolçularımız ən yaxşı sözlərə layiqdirlər. Səfərdə "Olimpiakos"a 0:4 hesabı ilə uduzduğumuz görüşün icmalını yaxın günlərdə paylaşacağıq. Hər kəs də qiymət verər. Ümumiyyətlə, I və II mərhələlərdə oyunçuların cəsarətli və baxımlı futbolu məni çox sevindirdi".
Baş məşqçi növbəti mövsümdə də Azərbaycanı bu turnirdə təmsil etmək istədiklərini söyləyib: "Vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki bu işdə böyük təcrübəyə sahibik. Artıq 8 ildir ki, bu atmosferdə oynayırıq".
Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.