"Bilirdik ki, bizi çətin oyun gözləyir. Heyətdə itkilərimiz var idi. İki futbolçumuz sarı vərəqə limitinə görə matçı buraxırdı. Buna görə də heyətdə rotasiya etməyə məcbur idik".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, komandası ilk hissədə verilən tapşırıqları yerinə yetirib: "Çoxsaylıq qol epizodlarımız olsa da, onları dəyərləndirməkdə çətinlik çəkdik. Qapımızda kuryoz qol gördükdən sonra toparlana bilmədik. Buna baxmayaraq, ikinci hissədə də öz oyunumuzu göstərməyə çalışdıq. Ümumi götürsək, komandamın çıxışından razıyam. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oyun sərgiləcəyik".
Baxşıyevin sözlərinə görə, qarşılaşmadan öncə nə onda, nə də komandada 2-ci yerə qalxmaq anlayışı olmayıb: "Sadəcə, qarşıdakı oyunu düşünürük. Mövsüm uzundur. Yuxarı yerlər uğrunda oynayıb iddiamızı göstərmək istəyirik. Hərdən alınacaq, hərdən alınmayacaq. İnanıram ki, komandamız üst pillələrdə olmaq üçün əlindən gələni edəcək".
"Sabah"ın məşqçisi Rəşad Hüseynov isə əvvəlcə qələbə münasibətilə bütün komandanı təbrik edib. O, əvvəlcədən matçın çətin olacağını proqnozlaşdırdıqlarını söyləyib: "Bəzi səhvlərimiz oldu. Amma matça ciddi hazırlaşmışdıq. Oyunçular həftə ərzində məşqçinin bütün təlimatlarını yerinə yetirdi. "Qəbələ"ni yaxşı analiz etmişdik. Açığı, bu qələbələri çoxdan gözləyirdik. Yeni baş məşqçimiz Murad Musayev hələ işə başlamayıb. Sabah istirahətdir. Birigündən komandanın sükanı arxasında olacaq. Komanda bu həftə İqor Ponomaryovun başçılığı altında hazırlaşıb. Heyəti də Ponomaryovun özü qurmuşdu".
Hüseynov Musayevin bugünkü oyundan razı qaldığını deyib: "Qələbə münasibətilə hər kəsi təbrik etdi. Eyni zamanda bildirdi ki, klubun hədəfi avrokuboklarda oynamaqdırsa, bunun üçün daha çox çalışmalı, daha da inkişaf etməliyik".